Azad LGBT Azəzrbaycan Təşkilatının II Qurultayı

30 iyun 2013-cü il tarixində Azad LGBT Azərbaycan təşkilatının sayca ikinci qurultayı baş tutdu. Iki yüzə qədər yerli və xarici qonağın, təşkilat üzvünün dəvət aldığı qurultay təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq əvvəlcədən planlaşdırıldığı kimi yeri də gizli saxlanılmaqla mətbuata qapalı şəkildə keçirildi.

İki hissədən ibarət tədbirin birinci hissəsində Azərbaycanda və dünyada LGBT-nin problemlərindən danışıldı, qurumun 05 Noyabr 2011-ci ildən bu günə qədər olan fəaliyyətindən geniş söz açıldı. Sonra idarə heyətinin üzvlərinin May 2012 və May 2013 tarixlərinə olan illik hesabatları dinlənildi, gündəlikdə olan məsələlər geniş müzakirə olundu.

945644_156682381174474_380886431_nQurultayın ikinci hissəsində hazırlıq komitəsinin hesabatı dinlənildi və seçki prosesinə start verildi. Təşkilatın ali orqanı olan qurultay, yekun protokolları təstiqlədikdən sonra təşkilata prezident və idarə heyəti üzvlüyünə seçkilər baş tutdu.

İki mərhələdə baş tutan seçki prosesində sadə səs çoxluğuna əsasən İsa Şahmarlı növbəti iki il üçün qurumun Prezidenti vəzifəsinə seçildi. Eyni zamanda növbəti il üçün təşkilatın fəaliyyət istiqamətində preoritetlərin təsbiti və layihələrin təşkili, strukturunun formalaşdırılmasına məsul olan idarə heyətinə seçkilər də baş tutdu, 12 nəfərdən ibarət idarə heyəti seçildi.

Azad LGBT Azərbaycan təşkilatına növbəti iki il ərzində sədrlik edəcək İsa Şahmarlı qarşıdan gələn iki il ərzində təşkilatın işinin daha da ictimailəşəcəyini, bundan sonra kütləvi maarifləndirici tədbirlərin daha da sıx baş tutacağını bildirdi. “Azad LGBT Azərbaycan təşkilatının gördüyü işlər göz qabağındadır, biz Azərbaycanda icitmaiyyətə ən açıq LGBT təşkilatı olmağımızla yanaşı, digər həmkarlarımızdan fərqli olaraq biz insanlardan gizlənmirik, əksinə biz ictimaiyyətin hər bir fərdinə diqqət və hörmətlə yanaşır, istənilən məsələnin sülh və danışıqlar yolu ilə həllininin mümkün olduğuna inanırıq. Avropa və dünya dəyərlərinə araxalanan Azərbaycan dövlətçilik ənənələrinə hər zaman sadiq qalaraq, əsrlərdir müxtəlif din, dil, irq nümayəndələrinin azadlıq və sülh şəraitində yaşadığı Azərbaycanın onun LGBT vətəndaşları üçün də yaşanacaq ən doğru yer olduğuna inanırıq. Növbəti iki il ərzində də laiqli vətəndaş olmaq üçün əlimizdən gələni edəcək, Azərbaycanda LGBT hüquq və azadlıqlarının təmin olunması üçün yorulmadan çalışacağam.”- deyə, İsa Şahmarlı bildirib.

Təşkilat, növbəti aydan tərəfdaşları və üzvləri üçün rüblük elektron qəzet buraxacağını da açıqladı və yeniliklərin bununla limitlənmədiyini də elan etdi. Növbəti planlar sırasında isə prioritet olaraq təşkilatda LGBT nin dostları və ailələri klubunun fəaliyyətinin genişləndirilməsi yönündə  işlərin sürətləndirilməsi qərara alındı.

Təşkilatın Azərbaycanda LGBT və insan haqlarının inkişafında oynadığı müsbət roldan danışan tədbir iştirakçıları, Azad LGBT Azərbaycan təşkilatının Azərbaycanda və Qafqazda insan hüquqlarının təbliğində müstəsna fəaliyyətlərinin olduğunu da qeyd etdilər, təşkilatın Birləşmiş Millətlər Təşkilatının insan hüquqları mükafatına namizəd olmasının uğurlu fəaliyyətin sübütü kimi qiymətləndirildi.

Tədbir insidentsiz, yüksək təhlükəsizlik şəraitində başa çatdı.

Advertisements