Dar Düşüncədən Dar Ağacına

2×2 Bloqundan LGBT-yə Dəstək

                                                                                          “İnsanlarin səni tanıdıqları kimi olmağa məcbursan!”
                                                                                                                                                                                                Andre Jid

Tək Qalmaq

Oyun oynayırıq. Dairə şəklində düzülmüş 9 stul, 10 nəfər, biri ayaq üstə, tən ortada dayanıb.

– Qoy, külək saçları qısa olanların üzərinə əssin!

Birdən çaxnaşma düşür, saçları qısa olanlar oturduqları yerdən qalxıb qaçır, yerlərini dəyişdirmək məcburiyyətindədirlər. Qayda belədir, sənə aid söz deyilibsə, mütləq yerini dəyişməlisən. Həm də cəld, çünki ayaq üstə olan adam sən qalxan kimi sənin yerinə əyləşəcək.

Bu dəfə mənəm ortada, düşünürəm…

– Qoy, bu dəfə külək  müsəlman olanların üzərinə əssin…

Heç kim tərpənmir. Gülürlər, məni də gülmək tutur.

– Yaxşı, yaxşı! Külək dünən gecə tez yatmağa getmiş adamların üstünə əssin! (dünən gecə otel dəhlizində oturub söhbət etmişdik, cığallıq edib aradan tez çıxanlar vardı)

Yenə qaçhaqaç düşür, bu dəfə mən otururam…

Bir müddət oyun beləcə dayam edir.

* * *

Qurban

Oyun oynayırıq yenə… Bu dəfə bir cərgə boyunca düzülmüşük, çiyin-çiyinə. Sol tərəfimdəki qız deyir:

– Mikini tanıyırsan?
– Yox…
– Miki belə edir.

Sağ əlini sinəsində çarpazlayıb sol çiyninə qoyur.

Sağımdakına deyirəm:

– Mikini tanıyırsan?
– Yox…
– Miki baaax belə edir.

Mən də sağ əlimi sinəmdə çarpazlayıb sol çiynimə qoyuram.

Sağımdakı adam da sağındakına, o da öz sağındakına eyni şeyləri deyir və beləcə ikinci dövrənin sonunda hamının qollarının ikisi də çarpazlanır.

Hamımız bir cərgə, çiyin-çiyinə, qolları sinələrində çarpaz durmuşuq. Solumdakı qız:

– Lenanı tanıyırsan?
– Yox…
– Lena belə edir

Qız çöməlir… Mən də eynisini sağımdakına deyirəm və beləcə sıradakı son şəxs daxil hamı yerə çökür.

Bir cərgədə qolları çarpaz və yerə çöməlmiş 20 nəfər. Mən ikinciyəm sırada, sağıdakı deyir:

– Merini tanıyırsan?

Hamı gülüşür. Yorulmuşuq. Bu formada çox oturmaq olmur, qollarımız və ayaqlarımız keyiyib, amma oyunun qaydası belədir… Dözürük…

– Sakit…

– Hə, Merini tanıyırsan?
– Yoooox, yox, tanımıram, ta-nı-mı-raaaam!
– Meri belə edir…

Və bunu deyib məni itələyir, sağımdakının üstünə aşıram, axı əlim-qolum bağlıdır, ip zad yoxdur, amma bağlıdır əllərim, özümdən asılı olmadan yıxılıram sağımdakının üstünə. O da müvazinətini saxlaya bilmir, yıxılır sağına. Beləcə domino daşları kimi 20 nəfər bir göz qırpımında bu balacaboy qızın bircə təkanı ilə aşır…

* * *

Yanaşma

Bu qədər ortaq yönlərimiz varkən başqa xüsusiyyətlərimizə görə azlıqda olduğumuz hallar yenə də var – lap birinci oyundakı kimi. Bu və y digər halda, bir və ya bir neçə nəfəri başqalarından fərqli edən nə isə tapılırdı. Axı insanlar fərqlidir, hamısı da bərabər… Kimsə qaradır, kimsə ağ. Birinin boyu ucadır, o biri balaca… Qaralar çox olsa sən azlıqdasan, ağlar çox olsa qaralar azlıqda olur. Sizin çox olduğunuz yerdə sizdən fərqli birinə əcayib varlıq kimi baxmaq axmaqlıqdır…

Qızıl dərililər adam yeyir… Koreyalılar it… Həkimlər rüşvətxordur… Polislər vicdansız… Leksus sürən cavab oğlana atası alıb maşını… Balahalı maşın sürən qız isə gəzəyəndir… Hüquqşünaslar çox darıxdırıcı olur… Mühasibatın işçiləri murdardır… Müsəlmanlar terroristdir… Rus qızlarına nə istəsən edə bilərsən… Ermənilər lənətləniblər… Musiqiçilər “qaluboydur”…

Belə ifadələri artırdıqca artırmaq olar… Stereotiplərlə yaşayırıq… Və ikinci oyundakı kimi, bir gün biri təkan versə – cəmiyyətimiz insanlığa utanc verəcək hala düşür… Necə ki…

Necə ki, Hitler zamanı yəhudilərə qarşı soyqırım oldu, necə ki, amerikada zəncilərin haqlarını uzun illərcə tapdadılar, Kuklus klan yarandı… Eləcə də siz bu gün bir qrup şəxsin qırılmasına qədər gətirib çıxara biləcək şeylərə zəmin yaradırsınız…

Necə ki, İranda dar düşüncəli mollalar iki gənci homoseksual olduqları üçün dar ağacına çəkdi… Onlar üçün insanlıq cinsiyyət məsələsidir, başqa insani dəyərlər boşdur. Siz onlardan olmayın. Ətrafınızdaki insanları düşünün… Onları niyə sevdiyinizi… Bunlar içində cinsəllik neçənci yerdədir?

Siz fəlakətin zərcirində bir halqasınız… Əliniz-qolunuz, ayaqlarınız stereotiplərlə bağlanıb… Siz fərqli olun, ölüm dalğasını (yuxarıdakı oyunu yada salın, dominoların aşmasını) siz durdurun, bu zənciri qırın… Ayaq üstə, əlləri və qolları azd, yəni stereotiplərdən uzaq…

Stereotiplər

Qey (gay) deyəndə ağlınıza nə gəlir? Mən deyim… ANS TV-nin reytinqi düşən zaman axşam xəbərlərində göstərdikləri… Tbilisi prospektində qadın paltarı geyinmiş, makiyajlı, qısa ətəkli, qadın corabı geyinmiş və prostitutsiya ilə məşğul olan oğlanlar. Siz bu stereotiplərin qurbanısınız…

Homoseksuallar qadın kimidir, əzilib büzülürlər. Qadın paltarı geyinirlər. Makiyaj edirlər. Prostitutsiya ilə məşğuldurlar. Spidə yoluxurlar. Pedofildirlər. Əxlaqsızdırlar. Cəhənnəmə gedəcəklər. Və ən önəmlisi – xəstədirlər… Bunların hamısı qismən və ya tamamən səhvdir, siz, təəssüf ki, heç nə bilmirsiniz. Siz mediya və ictimai fikrin qurbanısınız…

Azlıqda olmaq normaldır, siz də bir gün azlıqda olub bunun nə demək olduğunu anlayacaqsınız… Çoxluqdan hər hansı bir xüsusiyyətinə görə fərqlənən birinə əcaib varlıq kimi baxmaq isə, axmaqlıqdır…

* * *

Hekayə

Oyunlardan sonra kofe fasiləsinə çıxmışdıq. Hər kəs öz ölkəsindən danışırdı. Mən də dedim ki. bizim ölkədə dini mənsubiyyətinə görə heç kim özünü sıxışdırılmış hiss etmir…

– Sən…
– Mən müsəlmanam

İki addım geri addım atır…

– Bizə deyiblər ki, müsəlmanlar adamları öldürür…
– Məni ki az-çox tanıyırsan, mən adam öldürənə oxşayıram?
– Bizə elə deyiblər, məktəbdə hamı bundan danışır…
– İstəsən, mənə toxuna bilərsən, məktəbdəki qızlara da deyərsən ki, bir müsəlmana toxunmusan…

Ətrafdakılar gülüşür. O, bir addım atıb mənə yaxınlaşır, işarət barmağının ucu ilə dünyanın ən murdar ya da ən təhlükəli heyvanına əl vururmuş kimi toxunur… Şokdayam, mən zarafatla demişdim. Toxunan kimi dərhal geri çəkilir… Üzündə, qəhramanlıq etmiş kimi, ifadə var….

– İstəsən iki dəfə əl vura bilərsən….

Eyni qayda ilə, ehtiyatla bir addım mənə sarı gəlib işarət barmağının ucu ilə yenə mənə toxunur və dərhal geri çəkilir…

* * *

17 May

17 May mənim bir dostumun ad günüdür. Amma bunun mövzuya heç bir əlaqəsi yoxdur. Bütün dünyada isə, bu gün Homofobiyaya qarşı Mübarizə Günüdür.

Əgər siz seksual azlıqlar haqda yuxarıdakı fikirləri bölüşürsünüzsə, siz homofobsunuz. Heç olmasa, nifrətinizi yaymayın, ürək bulandırmayın…

* * *

…onlar üçün insanlıq cinsiyyət məsələsidir!

Yazımı adını çəkmədiyim bir nəfərin sözləri ilə bitirirəm:

         Hər halda biz təkcə cinsi zövqlərimizdən ibarət deyilik, başqa xassələrimiz də var və cinsi           zövqümüzdən xəbərsiz bizi sevən insanlar bizi bu xassələrə görə sevirlər – deməli bizi olduğumuz kimi sevirlər əslində, sadəcə nə olduğumuz haqda məlumatları bir az yarımçıqdır

2×2

Mənbə

Advertisements
freelgbt tərəfindən Uncategorized kateqoriyasında dərc edildi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma