Homofobiyanın qısa tarixi

Qədim dünyanın sakinləri cinsi orientasiya haqqında fikirlərə sahib deyildilər. Qədim Yunanıstanda insanın hansı cinslə cinsi əlaqəyə girməsi sırf zövq məsələsi idi. Hətta Qədim Yunan tanrıları da öz seksual zövqlərinin zənginliklərindən həzz alırdılar. Müharibə tanrısı Ares və axirət tanrısı Aid istisna olmaqla, bütün Olimp tanrıları həmcinsləri ilə eşq yaşayırdılar. Məhəbbətlə dolu Herakl həm qadınlarla, həm kişilərlə sevişər, onlar arasında fərq qoymağı ağlına gətirməzdi. Ən məşhur Yunan kişi cütlüyü isə Axill və Patrokl idilər. Onlar eyni zamanda dost, silahdaş olmaqla bərabər, yataqlarını da bölüşürdülər. İbrahim dinləri gəlmədən öncə Qədim Dünyada heç kim eynicinsli sevginin göydəndüşmə bir olay olduğunu ağlına gətirmirdi.
Platonun cinslərin əmələ gəlməsi haqqında versiyasına görə əvvəllər kişilər və qadınlardan başqa, yer üzündə ikicinsli androginlər yaşayırdılar, lakin sonra tanrılar onları iki yerə böləndən sonra onlardan hər biri öz tayını axtarmağa başlamışdı, çünki sevgi tamlığa susamaq olaraq ona doğru can atmaqdır. Yarısı kişi olmuş qadın kişisini, yarısı qadın olmuş kişi isə qadınını axtarırdı. Həm də, hamının yarısı əks cinsi deyildi və digər yarı qadın olan qadınlar kişiləri deyil, qadınları axtarırdılar. “Lakin kişilər, hansılarının ki, digər yarısı kişi idi, əsil kişi aidiyyatına baş qoşurdular. Uşaqlıqda, kişi cinsinin bir parçası olduqları zaman, onlar oğlanları sevirlər, onları qucaqlayıb, onlarla uzanmağa üstünlük verirlər. Bunlar oğlanların ən yaxşılarıdır, çünki təbiətən ən kişi olanları məhz onlardır.

Yetkin yaşlarda yalnız belə oğlanlar dövlətçilik işlərinə müraciət edirlər, kişiləşəndən sonra onlar yalnız kişiləri sevirlər və onların evlənib uşaq doğmağa heç bir meylləri olmur, hansına ki, adamı adət-ənənə sövq edir. Bu kişilər isə qadınsız da bir biriləri ilə yaşamağa qadirdirlər” – deyirdi Platon.
İbrahim dinlərindən biri olan xristianlığın Avropaya yayılması ilə insanların cinsiyyət azadlıqları da pozulmağa başladı. Homoseksuallara ölüm cəzasının verilməsini əmr edən Yəhudilik dininin ənənəsi üzərində yaranmış xristianlıq Musanın homofob qanunlarını dəstəkləyir, eynicinsli sevginin guya ölümcül günah olması haqqında iftiralar ataraq eynicinsli sevgini yaşayanları cəmiyyətdən ayırıb asosial varlıqlar etməyə çalışırdı.
“Bəyəm siz bilmirsiniz ki, əxlaqsızlıq edənlər Allahın Səltənətini irs olaraq almayacaqlar?! Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar, kişibaz kişilər, özlərini kişiyə verən kişilər, oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın Səltənətini irs olaraq almayacaqlar” – deyir Paul Yeni Əhddə yerləşən Korinflilərə birinci məktubunda.
309-cu ildə qəbul olunmuş Kilsə Hüququ normalarına görə eynicinsli seks yaşayanlar hətta ölən zaman da euxaristiyaya buraxılmırdılar. Dinin mövqeyi cəmiyyətdə gücləndikcə, dünyəvi qanunlara da sirayət etməyə başladı və 342-ci ildə imperatorlar Konstantin və Konstant eynicinsli sevgi yaşayanları xüsusi cəza ilə cəzalandırmaq – axtalamaq əmri vermişdilər. Bu cür qanunlar tarix boyu qüvvəyə minməyə başlamış, aralarında olan fərq isə homoseksuallara verilən cəzaların növlərində olmuşdur. 390-cı ilə imperator Birinci Teodosi passiv homoseksualların diri-diri yandırılması haqqında, 538-ci ilə impertator Yustinian bütün homoseksualların edam edilməsi haqqında qanunlar qəbul etmişdilər.
Bütün Orta Əsr ərzində Avropada homoseksuallara aid müxtəlif cəzalar verilməsi haqqında qanunlar qəbul olunurdu və cəzaların növü qanunu qəbul edənin sadistik fantaziyasından asılı idi. 13-cü əsrin ikinci yarısından başlayaraq homofob qanunlar bütün Avropanı bürüməyə başladılar. Birinci Eduard, Doqquzuncu Lüdovik homoseksualların diri-diri yandırılması haqqında, Onuncu Alfons axtalanıb ölənə qədər ayağından asılması haqqında qanunlar qəbul etmişdilər.
Venesiya arxivindəki 1357-ci ilə dair sənəddə homoseksual olduqları üçün həbs edilmiş iki qayıqçıya qarşı açılmış cinayət işi qeyd olunub: onlar bir yerdə yaşayırdılar, ümumi təsərrüfata malik idilər, həbs olunandan sonra isə hər biri sevgilisini xilas etmək üçün həyatlarını qurban verərək yalan danışmışdılar.
Yalnız Maarifçilik Dövrünün gəlməsi ilə dinin və xurafatın mövqeyi zəifləmiş, insan hüquqları anlamı gündəmə gəlmiş və homoseksuallara qarşı cəza tələb edən qanunlar yumşaldılmağa başlamışlar. Homoseksuallığın cinayət hesab olunması haqqında qanunu ilk ləğv edən dövlət 1790-cı ildə Andorra olmuşdu. Böyük Fransız İnqilabından sonra isə, 1791-ci ildə qəbul olunmuş yeni cinayət məcəlləsinə əsasən, homoseksuallıq Fransada cinayət hesab olunmurdu. Türkiyə homoseksuallığa qarşı qanunları 1858-ci ildə ləğv etdiyi halda, azadlıq ölkəsi sayılan Amerika Birləşmiş Ştatlarında, o zaman Virciniya ştatının qanunvericisi olan Tomas Jefferson 1779-cu ildə kişi homoseksuallığa görə axtalanma, qadın homoseksuallığına görə burun çəpərinin iki santimetr diametrində deşilməsi haqqında qanun qəbul etmişdi. Yalnız 2003-cü ildə Amerikada homoseksuallığı qadağan edən bütün qanunlar Ali Məhkəmə tərəfindən konstitusiyaya zidd elan edilərək ləğv edilmişdilər.
21-ci əsrin ikinci yarısı homoseksuallığa qarşı qanunların ləğv olunması ilə yadda qaldı. Bir birinin ardınca demək olar ki, bütün Avropa dövlətləri homoseksuallığı qadağan edən qanunları ləğv edərək, o qanunların əksinə olaraq, cinsi diskriminasiyanı qadağan edən və buna görə cəza nəzərdə tutan qanunların qəbuluna başlamışlar. İndi homoseksuallığa qarşı qanunların ləğv olunması bütün dünyada aktiv gedən bir prosesdir və doqquz ölkə – Argentina, Belçika, Kanada, İslandiya, Hollandiya, Norveç, İsveç, Cənubi Afrika və İspaniyada eynicinsli və müxtəlifcinsli sevgi arasındakı fərq tam şəkildə yığışdırılaraq, eynicinsli nikahların, ailələrin rəsmiləşdirilməsi haqqında qanunlar da qəbul etmişlər.
Tarixdən göründüyü kimi, İbrahim dinlərindən öncə eynicinsli sevgi heç zaman təqiblərə məruz qalmamış, və ya bu cür təqiblərin sayı az olmuşdu. Əslində seksual orientasiya deyə bir anlam özü də İbrahim dinlərinin təsiri altında yaranış bir anlamdır, və “homoseksual” termini Avstriya yazıçısı Karl-Maria Kertbeny tərəfindən 1869-cu ildə Prussiyadakı seksual diskriminasiyanı dəstəkləyən qanuna qarşı anonim şəkildə yazdığı parmfletdə işlənmişdir. İbrahim dinlərinin seksual diskriminasiya siyasəti homoseksualların cəmiyyətdən kənarlaşdırması, onları marginal, asosial etməyə çalışması sonucunda homoseksual sevginin guya təbiətə zidd, başqa bir sevgi olması anlamının cəmiyyətdə kök atması insanların seksual zövqlərinin inkar olunmasına, onların seksual orientasiyalara parçalanmasına gətirdi. Əslində hər kəsin zövqü vardır və zövq xasiyyətdən asılı olaraq dəyişə və ya sabit qala bilər və bu tamamilə normaldır ki, kişi sevgilisindən ayrılan qadın özünə qadın sevgili tapa bilər və sair. İnsan seksuallığı çərçivəyə salınmayacaq qədər möhtəşəm və zəngindir. Bu səbəbdən xurafatın qalıqları olan homofobiya cəmiyyət maarifləndikcə xırdalanıb yoxa çıxacaq. Homofobiya sadəcə olaraq buna məhkumdur.


Advertisements

Homofobiyanın qısa tarixi” üzərində 2 şərh

  1. Kül Amerikanın başına. Bibliya və quran daş saldı bəşəriyyətin başına. Adını azadlıq ölkəsi qoyub, elə indi də o gündədir, internetdən yüklənən bir musiqiyə görə 5 il həbs cəzası və 250000 dollar cərimə almaq olar. Nitşe demişdi ki, ayrı-ayrı adamlar az hallarda dəli olur, çox vaxt bütün cəmiyyətin başına hava gəlir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma